Incilaz
Müqəddəs KitabV. Barklinin şərhləri
Kitablar
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Qalatiyalılara məktub: 4-cü fəsil

V. Barklinin şərhləri

4-cü fəsil

1-7

UŞAQLIQ DÖVRÜ (Qalatiyalılara 4:1-7)

Qədim dövrdə yetkinliyə doğru inkişaf prosesi bizim dövrümüzə nisbətən daha aydın şəkildə müəyyən edilmişdi.

1. Yəhudilikdə oğlan uşağı on iki yaşına çatanda atası ilk şənbə günü onu özü ilə sinaqoqa aparır və orada o, «Qanun oğlu» elan edilirdi. Bundan sonra ata xeyir-dua verib deyirdi: «Ya Rəbb, məni oğlum üçün daşıdığım məsuliyyətdən azad etdiyinə görə Sənə şükür olsun». Oğlan isə dua edərək deyirdi: «Ey Allahım və atalarımın Allahı, mənim yeniyetməlikdən gəncliyə və kişiliyə keçidimi qeyd edən bu təntənəli və müqəddəs gündə təvazökarcasına gözlərimi Sənə qaldırıb səmimiyyətlə bəyan edirəm ki, bundan sonra Sənin əmrlərinə əməl edəcəyəm, öz əməllərimə görə məsuliyyəti üzərimə götürəcəyəm». Bu, oğlanın həyatında aydın və vacib bir məqam idi. Demək olar ki, oğlan bir günün içində kişi olurdu.

2. Yunanıstanda oğlan uşağı yeddi yaşından on səkkiz yaşına qədər atası tərəfindən tərbiyə olunurdu. Sonra o, kursant və ya hərbi məktəbin tələbəsi kimi tərcümə oluna bilən efebos olurdu və iki il dövlətin sərəncamında qalırdı. Afina on fratriyaya1 və ya qəbiləyə bölünürdü. Oğlan efebos olmazdan əvvəl Apaturiya adlanan bayramda nəsildə kişi kimi qəbul edilir və təntənəli mərasim zamanı uzun saçları kəsilərək tanrılara qurban verilirdi. Yenə də bir gəncin həyatında yetkinləşmə prosesi mühüm hadisə hesab olunurdu.

3. Roma qanunlarına görə oğlanın yetkinlik yaşı qəti şəkildə müəyyən edilməmişdir. Adətən, bu on dörd ilə on yeddi yaş arasında olurdu. Liberaliya adlanan müqəddəs ailə bayramında oğlan ətəyi ensiz bənövşəyi lentlə bağlanan preteks ehramını çıxarıb, bütün böyüklərin geyindiyi adi virilis ehramını taxırdı. Bundan sonra dostları və qohumları onu foruma apararaq rəsmi şəkildə ictimai həyatla tanış edirdilər. Bu da əslində dini ayin idi. Yenə də gəncin həyatında kişi olduğu bir gün olurdu. Roma adətinə görə, oğlanlar və qızlar yetkinlik yaşına çatdıqları gün uşaqlıq əyləncəsini bitirdiklərini göstərmək üçün — oğlan topunu, ​​qız isə gəlinciyini tanrı Apollona qurban gətirirdi.

Oğlan böyük bir mülkə sahib olsa da, qanunun gözündə uşaq olduğuna görə heç bir hüquqi qərar verə bilməzdi. O, həyatının ağası deyildi. Onun yerinə hər şeyi başqaları edir və qərar verirdi. Buna görə də praktik olaraq onun hüququ quldan çox deyildi. Ancaq yetkinlik yaşına çatan kimi mirasın qanuni sahibinə çevrilirdi.

Beləliklə, Paul iddia edir ki, Qanun bizə dünyanın körpəlik dövründə verilib. Lakin Qanun yalnız elementar biliyə vasitəçilik edirdi. Fikrini çatdırmaq üçün Paul stoixeiyah sözündən istifadə edir. Əvvəlcə stoixeion sözü bir sıra obyektləri, məsələn, döyüşçülər sırasını ifadə edirdi. Sonra əlifba və ya hər hansı elementar bilik mənasını verməyə başladı. Bundan əlavə, həmin söz kainatı təşkil edən elementləri, xüsusən də ulduzları ifadə edirdi.

Qədim dövrdə astrologiya mövhumatla çox bağlı idi. Çoxları inanırdı ki, insanın taleyini ulduzlar müəyyən edir. İnsanlar ulduzların əsarəti altında yaşayır və onlardan qurtulmağı arzulayırdılar. Bəzi alimlər hesab edirlər ki, Paul burada qalatiyalıların bir vaxtlar ulduzların məşum təsiri ilə bağlı xurafatdan çox əziyyət çəkdiyinə işarə edir. Amma bütün hissə stoixeiyah sözünün elementar bilik mənasında işləndiyini göstərir.

Paul deyir ki, qalatiyalılar və bütün insanlar körpə olanda Qanun altında olaraq əzab çəkirdilər. Lakin vaxt tamam olanda Məsih zühur etdi və insanları bu zülmdən azad etdi. İnsanlar artıq Qanunun qulu deyillər; onlar övladlığa götürülüblər və öz hüquqlarını əldə ediblər. Qanuna aid olan uşaqlıq aradan qaldırılmalıdır; bəşəriyyətin azadlığının vaxtı gəlib çatıb.

Bizim Allahın övladları olduğumuzun sübutu — ürəyin instinktiv fəryadıdır. İnsan ehtiyac və əzab içində Allahı səsləyib deyir: «Ey Ata!» Paul hətta təkrardan istifadə edir: «Abba, Ata!» Abba arami dilində ata deməkdir. İsa Məsih bu sözü tez-tez işlədirdi. Onun səslənməsi o qədər müqəddəs idi ki, insanlar ehtiyatla dillərinə gətirirdilər. Paul hesab edir ki, insan ürəyinin bu instinktiv fəryadı Müqəddəs Ruhun bəhrəsidir. Əgər qəlbimiz Allaha belə fəryad edirsə, onda bilirik ki, biz Allahın övladlarıyıq və Onun lütfünü tam miras alacağıq. Beləliklə, Qanuna görə yaşayanlar hələ də uşaqdır, lütfü dərk edənlər isə məsihçi inancında yetkinləşənlərdir.

8-11

GERİYƏ İRƏLİLƏYİŞ (Qalatiyalılara 4:8-11)

Paul hələ də Qanunun dinin elementar mərhələsi olduğu və yetkin insanın həyatını Allahın lütfü üzərində qurduğu anlayışa istinad edir. Qədim zamanda insanlar daha yaxşının nə olduğunu bilməyəndə, Qanun öz məqsədinə xidmət edirdi. İndi isə insanlar həqiqi Allahı və Onun lütfünü tanıdılar. Lakin insan öz səyləri ilə Allahı tanıya bilməz. Allah Öz mərhəmətinə görə insanlara Özü açılır. Allah bizi tapmayınca, biz heç vaxt Onu tapa bilmərik. Budur, Paul soruşur: «Siz hələ də çoxdan keçməli olduğunuz mərhələyə qayıtmaq istəyirsiniz?»

Bu elementar prinsipləri — Qanuna əməl etməyə əsaslanan dini Paul insanı qul edən zəif maddi prinsiplər adlandırır.

1. Qanun gücsüz olduğu üçün zəifdir. Qanun günahı müəyyən edə bilər; günahı insana dərk etdirə bilər. Lakin insana nə keçmişdə etdiyi günahların bağışlanmasını, nə də gələcəkdə günaha qalib gəlməsi üçün güc verə bilər.

2. Qanun Allahın lütfünün göz qamaşdıran parlaqlığı ilə müqayisədə zəifdir. Öz təbiətinə görə Qanun yalnız bir vəziyyəti aradan qaldıra bilər. Hər yeni vəziyyət yeni qanun tələb edir. Lütfün möcüzəsi isə ondadır ki, o, poikilos-dur, yəni rəngarəngdir. Başqa sözlə desək, həyatda elə vəziyyət yoxdur ki, lütf onun öhdəsindən gələ bilməsin. Lütf bütün tələblərə cavab verir.

Yəhudi qanunlarının xüsusiyyətlərindən biri də müxtəlif bayramların qeyd olunması idi. Bu hissədə Paul günlər deyəndə — şənbə günlərini, aylar deyəndə — hər ayın başı, mövsümlər deyəndə — Pasxa, Əllinci gün və Çadırlar Bayramı kimi əsas illik bayramları, illər deyəndə isə şənbə ilini, yəni hər yeddi ildən bir qeyd olunan ili nəzərdə tutur. Xüsusi tarixlərin qeyd olunmasına əsaslanan dinin çatışmazlığı ondan ibarətdir ki, zaman və günlər istər-istəməz müqəddəs və dünyəvi günlərə bölünür. Nəticədə müqəddəs günlərə riayət edən insan Allah qarşısında bütün vəzifələrini yerinə yetirdiyini düşünməyə meyillidir.

Bu din Qanuna əsaslansa da, peyğəmbərlikdən uzaq idi. Kimsə demişdir ki, «keçmişdə yəhudilərin dilində din sözü yox idi. Onların fikrincə, bütün həyat Allahın yaradılışı idi, Onun qanununa uyğun və Onun göstərişi ilə inkişaf etmişdir. Onlar din adlanan sözü işlətmirdilər». İsa Məsih dünyaya «Mən onlara din verməyə gəlmişəm» sözləri ilə deyil, «Mən gəldim ki, onlara həyat, bol həyat verim» sözləri ilə gəldi. Dini müəyyən günlərə və zamanlara bölmək — ona zahiri ibadət etmək deməkdir. Əsl məsihçi üçün hər gün Allahın günüdür. Paul qorxurdu ki, bir vaxtlar lütf möcüzəsini yaşamış insanlar Qanuna riayət etmək yoluna qayıdacaqlar və bir vaxtlar İsa Məsihdə yaşamış olanlar Ona yalnız müəyyən günlər ayıracaqlar.

12-20

MƏHƏBBƏT ÇAĞIRIŞI (Qalatiyalılara 4:12-20)

Paulun qalatiyalılara müraciəti teoloji deyil, şəxsi xarakter daşıyır. Paul xatırladır ki, onların xətrinə özü də bütpərəst kimi olmuşdu. O öz adət-ənənələrindən imtina edib onlarla eyni oldu; onları yəhudi olmağa deyil, ona oxşamağa çağırır. Burada biz Paulun, çox güman, xəstəliyi nəticəsində onu incidən «bədənindəki neştər»ə rast gəlirik. Biz bu barədə 2Korinflilərə 12:7-dəki şərhimizdə daha ətraflı müzakirə etmişik. Neştər dedikdə, onun əziyyət çəkdiyi təqibləri, guya heç vaxt qalib gələ bilmədiyi cismani vəsvəsələri, onun korinflilərin xor baxdığı zahiri görünüşü nəzərdə tutulur (2Korinflilərə 10:10). Ən qədim nəzəriyyəyə görə, neştər dedikdə dəhşətli və adamı üzən baş ağrıları nəzərdə tutulurdu. Bu hissədə iki işarə var.

Qalatiyalıların imkanı olsaydı, ona gözlərini verərdilər. Belə bir ehtimal var ki, Paul Dəməşqə gedərkən yolda başına gələnlərdən sonra gözləri ağrıyırmış. Nəticədə onun gözləri zəifləmiş və onu incitməyə başlamışdı. Müqəddəs Kitabda «Cismani vəziyyətim sizin üçün çətin bir sınaq oldusa da, nə mənə xor baxdınız, nə də məni rədd etdiniz» kimi tərcümə olunan söz hərfi mənada «üzümə tüpürmədiniz» deməkdir. Qədim dövrdə xəstəyə daxil olan pis ruhu özündən uzaqlaşdırmaq üçün epilepsiya xəstəsinin gözünə tüpürmək adəti var idi. Buna görə də bəziləri Paulun epilepsiya xəstəsi olduğunu güman edirlər.

Əgər Paulun Qalatiyaya nə vaxt gəldiyini müəyyən etmək mümkün olsaydı, onun gəlişinin səbəbini də müəyyən etmək asan olardı. Ola bilsin, Həvarilərin işləri 13:13-14-də bu səbəb təsvir edilmişdir. Amma bu ayə ilə bağlı bəzi suallar yaranır. Paul, Barnaba və Mark Kiprdən Pamfiliyadakı Pergeyə gəldilər, orada Mark onları tərk etdi. Onlar da Qalatiya əyalətində Pisidiyada olan Antakyaya getdilər. Nə üçün Paul Pamfiliyada təbliğ etmədi? Ora əhalinin sıx məskunlaşdığı ərazi idi. Nə üçün o, Pisidiyada olan Antakyaya getməyə qərar verdi? Mərkəzi yaylağa aparan yol o dövrün ən çətin və ən təhlükəli yollarından biri idi. Bəlkə də məhz buna görə Mark evə qayıtmışdı. Onda nəyə görə Paul Pamfiliyanı belə qəfil tərk etmişdi? Ola bilsin, səbəb Pamfiliyada və sahil düzənliyində malyariya qızdırmasının tüğyan etməsi və Paulun ona yoluxması idi. Ondan qurtulmaq üçün yeganə çıxış yolu Qalatiyanın yüksək dağlıq bölgələrinə üz tutmaq idi. Beləcə xəstə Paul qalatiyalılar arasında peyda olmuşdu. Burada o, qızdırma və «başına sancılmış qaynar mil» kimi üzücü baş ağrılarının təkrarlanan tutmalarından əziyyət çəkirdi. Bəlkə də Qalatiyaya ilk dəfə gələndə üzücü baş ağrıları ona əzab verən elə həmin neştər idi.

Sonra Paul rəğbət axtarıb «pis niyyətlə qeyrət çəkən» adamlardan danışır. Paul qalatiyalıları yəhudi inancına döndərməyə çalışan adamları nəzərdə tuturdu. Əgər bu adamlar öz niyyətinə müvəffəq olsaydılar, qalatiyalılar da sünnət olunmaq və İsrail xalqına daxil olmaq üçün onların rəğbətini qazanmalı olacaqdılar. Yəhudilər qalatiyalıları öz göstərişlərinə və qanunlarının normalarına tabe etdirmək üçün onların rəğbətini axtarırdılar.

Sonda Paul canlı metaforadan istifadə edir. Qalatiyalıları Məsihə gətirmək üçün o, doğuş zamanı qadın kimi əzab çəkdi; indi isə yenə bu əzablara dözməlidir. Məsih onların daxilində sanki rüşeym kimidir, Paul da onları dünyaya gətirməlidir.

Paulun son sözlərdə səslənən dərin sevgisi hər bir insanı heyran edir. Övladlarım — latın və yunan dillərində bu söz əzizləyirmiş kimi dərin sevgi və incəlik ifadə edir. Yəhya bu ifadəni tez-tez, Paul isə yalnız burada işlədir. Onun ürəyi sevgidən dolub-daşır. Diqqət yetirmək lazımdır ki, burada Paul sərt sözlərlə məzəmmət etmir, itmiş övladlarının həsrətini çəkir. Məşhur missioner və müəllim haqqında deyirdilər ki, o, tələbələrini danlamaq məcburiyyətində qalanda, bunu qucaqlayaraq edərdi. Sevginin tonu zəhərli sözlərin heç vaxt çatmadığı yerə nüfuz edir.

21-31

KÖHNƏ TARİX VƏ YENİ MƏNA (Qalatiyalılara 4:21-5:1)

Bu hissənin təfsirinə gələrkən unutmamalıyıq ki, dindar və savadlı bir yəhudi, xüsusən də bir ravvin üçün Müqəddəs Yazıların bir neçə şərhi var idi. Halbuki onlar hərfi mənaya çox az əhəmiyyət verirdilər.

Yəhudi ravvin üçün Müqəddəs Yazılardakı istənilən hissə dörd cür təfsir olunurdu:

1. Pesxat — sadə və ya hərfi məna;

2. Remats — dərhal başa düşülən məna;

3. Deruş — mətni diqqətlə öyrəndikdən sonra hasil olan məna;

4. Zod — alleqorik məna.

Bu sözlərin ilk dörd samit hərfi PRDZ — paradiz — cənnəti bildirir. Əgər kimsə bu dörd mənanın hamısını tapa bilsəydi, o, sonsuz xoşbəxt olardı!

Onu da vurğulamaq lazımdır ki, ən vacibi alleqorik təfsir hesab olunurdu. Buna görə ravvinlər Əhdi-Ətiqdən sadə bir tarixi epizod götürüb, ona bizə ağlasığmaz görünən, lakin o dövrün insanlarına çox inandırıcı gələn bir məna qoyurdular. Paul təhsilli ravvin olduğuna görə İbrahim, Sara, Həcər, İsmail və İshaqın hekayəsini götürüb (Yaradılış 16:17-21), onu alleqorik şəkildə istifadə edərək, öz fikrini əsaslandırdı.

Hekayənin məğzi belədir: İbrahim və Sara artıq qocalmışdılar, lakin Saranın övladı yox idi. Sara o dövrdə istənilən qadının edə biləcəyini etdi — İbrahimi öz cariyəsi Həcərin yanına göndərdi ki, onun yerinə İbrahim üçün uşaq dünyaya gətirsin. Həcərin İsmayıl adlı bir oğlu doğuldu. Bu vaxt Allah İbrahimə göründü və Saranın oğlu olacağını vəd etdi: bu, İbrahim və Sara üçün o qədər qeyri-mümkün görünürdü ki, onlar buna inana bilmirdilər.

Amma vaxt gəlib çatanda İshaq doğuldu. Başqa sözlə desək, İsmail insan istəyindən, İshaq isə Allahın vədindən doğulmuşdur. Sara azad, Həcər isə qul idi. Həcər uşağa qalandan Saraya xor baxmağa başladı, çünki sonsuzluq böyük rüsvayçılıq sayılırdı. Yaranan vəziyyət heç də ürəkaçan deyildi. Bir qədər sonra Sara Həcərin oğlu İsmailin İshaqa istehza etdiyini görüb İbrahimə dedi: «Bu cariyəni və onun oğlunu qov» (Yaradılış 21:10). Paul bunu təqiblə eyniləşdirir. Allah Həcərin qovulmasını ona görə tələb edir ki, cariyə qadının oğlu azad doğulmuş oğulun mirasına şərik olmasın. Daha sonra Paul Ərəbistanı Həcərin nəslinin yaşadığı köləlik ölkəsinə bənzədir.

Paul Müqəddəs Kitabın hekayəsini götürür və onu alleqorik şəkildə şərh edir.

Həcər Sina dağında bağlanan qanunun vədlərini simvolizə edir. Sina dağı Ərəbistanda yerləşir və Həcərin nəsli orada yaşayırdı. Həcərin özü qul olduğuna görə ondan doğulan uşaqların hamısı qul idi. Qanuna əsaslanan əmrlər insanları Qanunun quluna çevirir. Həcərin övladı cismani istəkdən doğulmuşdu. Qanuna riayət etmək onların edə biləcəyi ən yaxşı iş idi. Sara isə İsa Məsihdəki yeni əhdi simvollaşdırır. Allah insanlarla Qanun əsasında deyil, lütf əsasında yeni münasibət qurdu. Saranın övladı azad doğulmuşdu və Allahın vədinə görə, İshaqın bütün varisləri azad olmalı idi. Bir vaxtlar kölə qadının övladı azad qadının övladını təqib etdiyi kimi, sonralar Qanunun övladları da lütf və vəd övladlarını təqib edirdilər. Lakin kölənin övladı sonda qovulub irsdən məhrum edildiyi kimi, gələcəkdə də Allah Qanuna riayət edənləri Öz hüzurundan qovacaq və onları lütfü miras almaqdan məhrum edəcək.

Bu fikir bizə nə qədər qəribə görünsə də, mühüm bir həqiqəti ehtiva edir. Qanunu həyatının əsası kimi qəbul edən insan qul səviyyəsinə enir. Lütf prinsipinə uyğun yaşayan isə azaddır. Çünki məsihçilərin davranış prinsipi belədir: «Allahı sev və bildiyin kimi et». Qanunun bağları deyil, sevginin gücü bizi salehlik yolunda möhkəm saxlayır, çünki sevgi həmişə Qanundan daha üstündür.

Müqəddəs Kitab

1 Mən bunu deyirəm: varis hər şeyin sahibi olsa da, uşaqlıq vaxtında kölədən fərqlənmir. 2 O, atasının təyin etdiyi vaxta qədər qəyyumların və idarəçilərin nəzarəti altındadır. 3 Bunun kimi biz də ruhani tərəfdən uşaq ikən dünyanın ibtidai təlimlərinə kölə idik. 4 Lakin vaxt tamam olanda Allah qadından, Qanun altında doğulan Öz Oğlunu göndərdi ki, 5 Qanun altında olanları satın alsın və biz övladlığa götürülək. 6 Övladlar olduğunuz üçün Allah Öz Oğlunun «Abba, Ata!» deyərək nida edən Ruhunu ürəklərimizə göndərdi. 7 Buna görə də sən artıq kölə deyil, övladsan. Əgər övladsansa, həmçinin Allahın təyin etdiyi varissən.
Paulun Qalatiyalılar üçün qayğıları
8 Əvvəllər Allahı tanımadığınız vaxt təbiətcə allah olmayanların kölələri idiniz. 9 İndi isə siz Allahı tanıdınız, daha doğrusu, Allah tərəfindən tanındınız. Necə olur ki, təkrarən zəif və dəyərsiz olan ibtidai təlimlərə qayıdırsınız? Yenidən onların köləsimi olmaq istəyirsiniz? 10 Xüsusi günlərə, aylara, mövsümlərə və illərə riayət edirsiniz! 11 Sizin üçün qorxuram, bəlkə sizə görə boş yerə zəhmət çəkmişəm.
12 Qardaşlar, sizə yalvarıram, mənim kimi olun, çünki mən də sizin kimi oldum. Siz mənə heç bir haqsızlıq etməmisiniz. 13 Bildiyiniz kimi, mən Müjdəni ilk dəfə sizə cismən zəif olaraq vəz etmişdim. 14 Cismani vəziyyətim sizin üçün çətin bir sınaq oldusa da, nə mənə xor baxdınız, nə də məni rədd etdiniz. Hətta məni, Allahın bir mələyini, Məsih İsanı qəbul edər kimi qəbul etdiniz. 15 İndi o xoşbəxtliyiniz necə oldu? Sizin haqqınızda şəhadət edirəm ki, əgər mümkün olsaydı, gözlərinizi çıxardıb mənə verərdiniz. 16 Məgər sizə həqiqəti söylədiyim üçün sizin düşməniniz oldum? 17 Onlar sizin qeyrətinizi çəkirlər, amma yaxşı niyyətlə deyil. Siz onların qeyrətini çəkəsiniz deyə sizi məndən ayırmaq istəyirlər. 18 Yaxşı niyyətlə olarsa, qeyrətimi çəkməniz yaxşıdır, amma bu, yalnız yanınızda olduğum vaxt deyil, daimi olsun. 19 Övladlarım! Məsihin surəti sizdə yaradılana qədər, sizlər üçün yenə doğuş ağrısı çəkirəm. 20 İndi yanınızda olmaq və səsimi dəyişdirmək istəyirdim. Bu halınıza çaşıb-qalmışam.
Sara ilə Həcərin məsəli
21 Ey Qanun altında yaşamaq istəyənlər, mənə deyin görüm, Qanunun nə dediyini eşitməmisinizmi? 22 İbrahimin iki oğlu olduğu yazılmışdır. Bir oğlu cariyədən, o biri oğlu isə azad qadından doğulmuşdu. 23 Cariyədən doğulan bəşəri arzusundan, azad qadından doğulan isə vədə görə doğulmuşdu. 24 Burada bir məcaz var. Çünki bu qadınlar iki Əhdi təmsil edir. Biri Sina dağındandır, köləlik üçün uşaq doğur. Bu, Həcərdir. 25 Həcər Ərəbistandakı Sina dağını təmsil edir və indiki Yerusəlimə bənzəyir. Çünki indiki Yerusəlim övladları ilə birlikdə köləlikdədir. 26 Səmavi Yerusəlim isə azaddır, o bizim anamızdır. 27 Çünki yazılıb:
«Şənlən, ey sonsuz, qısır qadın!
Sevinclə mahnı oxu, qışqır,
Ey doğuş ağrısı çəkməyən qadın!
Çünki atılmış qadının övladları
Ərli qadının övladlarından çoxdur».
28 Sizsə, qardaşlar, İshaq kimi vədə görə doğulan övladlarsınız. 29 Amma o zaman bəşər arzusundan doğulan şəxs Ruhun gücü ilə doğulan şəxsi necə təqib etdisə, indi də belədir. 30 Bəs Müqəddəs Yazı nə deyir? «Cariyəni və onun oğlunu qov. Çünki cariyənin oğlu azad qadının oğlu ilə birgə varis olmayacaq». 31 Buna görə, qardaşlar, biz cariyənin deyil, azad qadının övladlarıyıq.
  • Giriş
  • More pages
  • 3
  • 4
  • 5
  • 6