Incilaz
Müqəddəs KitabV. Barklinin şərhləri
Kitablar
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Qalatiyalılara məktub: 5-ci fəsil

V. Barklinin şərhləri

5-ci fəsil

1

Qalatiyalılara 5:1-in şərhinə əvvəlki hissədə baxın.

2-12

ŞƏXSİ MÜNASİBƏTLƏR (Qalatiyalılara 5:2-12)

Paul lütf və Qanunu bir-birini istisna edən şeylər hesab edirdi. Qanun insanların xilasını onların əməllərindən asılı edir. Lütfü seçən insan isə özünü və günahlarını qeyd-şərtsiz Allahın mərhəmətinə təslim edir. Paul iddia edir ki, sünnəti qəbul edən, yəni Qanunun heç olmasa bir hissəsini qəbul edən şəxs məntiqi olaraq bütün Qanunu qəbul etməlidir.

Fərz edək ki, kimsə müəyyən dövlətin vətəndaşlığını qəbul etmək qərarına gəlir və həmin ölkənin vətəndaşlıq qəbulu ilə bağlı prosedur və qaydalarına diqqətlə əməl edir. Ancaq məsələ təkcə bununla bitmir. O, bu ölkənin digər bütün qaydalarına da əməl etməlidir. Paul deyir ki, sünnət ayinini yerinə yetirən adam Qanuna bütünlüklə riayət etməyi öhdəsinə götürüb. Sünnət Qanuna sadəcə olaraq girişdir. İnsan bu yolu seçdiyi üçün avtomatik olaraq lütfdən üz çevirir və Məsih onun üçün boş yerə ölmüş sayılır.

Paul üçün məhəbbətlə idarə olunan iman hər şeydən üstün idi. Başqa sözlə, məsihçinin mahiyyəti Qanun deyil, İsa Məsihlə şəxsi münasibətdir. Məsihçi inancının əsası kitab deyil, insandır; hərəkətverici qüvvə isə Qanuna itaət deyil, Məsihə olan məhəbbətdir.

Qalatiyalılar əvvəllər bunu bilirdilər, amma indi yenidən Qanuna qayıtmışdılar. Paul deyir: «Kiçik maya bütün xəmiri acıdır». Yəhudilər üçün maya, demək olar ki, həmişə günahın təsirini simvolizə edirdi. Paul bununla demək istəyir ki, «Siz Qanun yolunda hələ çox uzağa getməmisiniz. Onu tamamilə ləğv etməlisiniz. Əks halda, bütün imanınızı məhv edəcək».

Sonda Paul bu hissəni sərt ifadə ilə bitirir. Qalatiya Frigiyaya yaxın idi, burada xalq Kibelaya həvəslə sitayiş edirdi. Kibelanın kahinləri və sadiq pərəstişkarları çox vaxt özlərini axtalayırdılar. Paul demək istəyir ki, «Əgər sünnətlə başlasanız, sonda bu bütpərəst kahinlər kimi olacaqsınız». Bu, nəzakətli cəmiyyətdə təəccüb yaradacaq qədər çox sərt bir müqayisədir. Lakin Kibelanın kahinlərini yaxşı tanıyan qalatiyalılar üçün bu ifadə aydın idi.

12-15

MƏSİHÇİ AZADLIĞI (Qalatiyalılara 5:13-15)

Bu hissədən Paul mövzunu dəyişir. İndiyə qədər məktub teoloji xarakter daşıyırdı, buradan isə güclü etik məna hasil olur. Paul praktik düşüncəyə malik idi. Hətta o, düşüncələrində göylərdə olsa da, nəsihətini praktik şəkildə bitirir. Əgər ruhani təlim həyatda tətbiq olunmursa, Paul üçün bunun heç bir mənası yoxdur. Paulun Romalılara məktubu dünyanın ən böyük teoloji traktatlarından biri sayılır. Romalılara 12-ci fəsildə Paulun ruhani təlimi qəfil yer üzünə enir və o, praktik məsləhətlərə keçir. Vinsent Teyler bir dəfə demişdi: «Yaxşı ilahiyyatçının meyarı onun yaxşı teoloji traktat yazmaq bacarığıdır». Başqa sözlə desək, o öz uca fikirlərini sadə insanın anlayacağı və həyata keçirə biləcəyi sözlərə çevirə bilərmi? Paulun özü həmişə bu tələblərə cavab verirdi. Burada o öz mülahizəsini gündəlik həyatda necə tətbiq etmək lazım olduğunu gözəl izah edir.

Paulun təlimi həmişə bir təhlükə ilə üzləşirdi. O, Qanunun aliliyinin sonunun və lütfün hökmranlığının gəldiyini bildirəndə, həmişə etirazla qarşılaşırdı: «Bu o deməkdir ki, mən istədiyimi edə bilərəm. Bütün qadağalar aradan götürülüb və mən istəklərimin ardınca gedə bilərəm. Qanun artıq yoxdur. Lütf isə istənilən halda mənə bağışlanma vəd edir». Bununla belə, Paul iki öhdəliyi heç vaxt unutmurdu.

1. Paul onlardan birini burada qeyd etmir, lakin Allah qarşısında öhdəlik həmişə nəzərdə tutulur. Əgər Allah bizi bu qədər sevirsə, Məsihin məhəbbəti bizi əhatə edəcək və bizi günahdan qoruyacaq. İnsan İsa Məsihin ölümü bahasına başa gələn həyatı ləkələyə bilməz.

2. Qardaşlarımıza qarşı öhdəlik. Biz azadıq, lakin azadlığımız bizi qardaşlarımızı özümüz kimi sevməyə məcbur edir. Müxtəlif idarəetmə formalarının adları ağlımıza müxtəlif fikirlər gətirir. Monarxiya daha çox səmərəliliyi təmin etmək üçün ilk dəfə tətbiq edilən fərdi idarəetmə üsuludur. Çünki komissiya vasitəsilə idarəetmə həmişə çatışmazlıqlarla əhatə olunur. Oliqarxiya bir neçə nəfərin idarəetməsidir və yalnız bəzilərinin idarə edə bilməsi ilə əsaslandırıla bilər. Aristokratiya ən yaxşıların idarəetməsidir. Bəs onlar kimlərdir? Plutokratiya zənginlərin idarəetməsidir. Ölkədə əmlakın ən böyük payına sahib olan insanların hakimiyyətə sahib olması ilə əsaslandırılır. Demokratiya hakimiyyətin xalq tərəfindən idarə olunmasıdır. Yeganə həqiqi demokratiya məsihçilikdir. Çünki məsihçi dövlətində hər kəs özü haqqında olduğu kimi, qonşusu haqqında da düşünür. Məsihçi azadlığı özbaşınalıq deyil. Məsihçi günah etmək azadlığı əldə etmiş şəxs deyil, Allahın lütfü ilə günah etməmək azadlığı qazanmış şəxsdir. Paul əlavə edərək xəbərdarlıq edir: «Əgər bir yerdə yaşaya bilməsəniz, həyatı çəkilməz edəcəksiniz». Nəticə etibarı ilə, eqoizm insanı yüksəltmir, əksinə, məhv edir.

16-21

GÜNAHLAR (Qalatiyalılara 5:16-21)

Görünür, Pauldan başqa çox az adam günahın insana bu qədər dağıdıcı təsir göstərdiyinin fərqinə varır. Ədəbi qəhrəmanlardan birinin dediyi kimi:

Mən doğulandan bəri

Ziddiyyətlər içindəyəm:

Ruhum göylərdə Allahı axtarır,

Cismim həzzə susayır.

Məsihçi azadlığı insan təbiətinin pisliklərinə boyun əymək hüququ vermir, əksinə, Ruhda nümunə olmaq imkanı verir. Paula görə, bu fakt böyük əhəmiyyət daşıyırdı. Sonra Paul günahların siyahısını açıqlayır. Onun dediyi hər söz canlı mənzərədir.

Cinsi əxlaqsızlıq. Haqlı olaraq deyirlər ki, məsihçilik dünyaya tamamilə yeni bir fəzilət — iffət gətirdi. Məsihçilik cinsi əxlaqsızlığın nəinki rəğbətlə qarşılandığı, həm də həyatın vacib hissəsi hesab edildiyi bir dünyaya daxil oldu.

Murdarlıq. Paulun akafarsiya sözünü işlətməsi maraqlıdır. Bu söz yarada irin, budanmamış meyvə ağacı, süzülməmiş və təmizlənməmiş maddə mənasını verə bilər. Bu sözün müsbət forması (kafaros — təmiz mənasını verən sifət) gündəlik həyatda təmiz və yaxşı saxlanılan evi ifadə etmək üçün istifadə edilmişdir. Ancaq bu, bir insanın ritual saflığını təyin edən, onun tanrılarına yaxınlaşmasına imkan verən xüsusilə təsiredici sözdür. Buna görə də murdarlıq insanı Allaha yaxınlaşmaq imkanından məhrum edir, insanın həyatına ləkə gətirir və beləliklə, onu Allahdan təcrid edir.

Pozğunluq. Aselgeya sözü pozğunluq (Mark 7:22; 2Korinflilərə 12:21; Qalatiyalılara 5:19, Efeslilərə 4:19; Yəhuda 4; Romalılara 13:13) və əxlaqsızlıq kimi tərcümə olunur (2Peter 2:18) və «hər cür həzz almağa hazır olmaq» mənasını verir. Pozğunluğa meyilli insan heç bir məhdudiyyət tanımır və ürəyi istəyəni etməyə hazırdır. İosif Flavi Yerusəlimdə Baal məbədini tikdirən İzeveli təsvir etmək üçün bu sözü işlətmişdir. Yəni insan öz istəklərində o qədər irəli gedir ki, artıq başqalarının onun haqqında nə düşündüyü və ya dediyi maraqlandırmır.

Bütpərəstlik insan əli ilə hazırlanmış bütlərə sitayiş etmək deməkdir. Bu, maddi əşyaların Allahın yerini tutan günahdır.

Sehrbazlıq hərfi mənada ədviyyələrin istifadəsi deməkdir. Bu, həm həkimlər tərəfindən faydalı istifadə, həm də zəhərlənmə üçün istifadə oluna bilər. Qədim dövrdə geniş yayılmış sehrbazlıq üçün dərman və ədviyyələrdən xüsusi olaraq istifadə edilmişdir.

Düşmənçilik. Burada məsələ odur ki, insan öz qardaşlarına qarşı xüsusilə düşmən kəsilib. Bu, məsihçilərin insanlara və bütün bəşəriyyətə olan məhəbbətinin əksidir.

Münaqişə. Əvvəllər bu söz, əsasən, mükafatlar uğrunda mübarizə ilə bağlı işlənirdi. Bu söz hətta müsbət mənada istifadə edilə bilər. Lakin çox vaxt mübahisə və davaya çevrilmiş rəqabəti xarakterizə edir.

Qısqanclıq. Yunan sözü olan zelos əvvəlcə yaxşı məna daşıyırdı. Bu söz rəqabət, yüksək vəzifəyə çatmaq, mərkəzdə olmaq üçün canfəşanlığını ifadə edirdi. Lakin zaman keçdikcə bu söz əvvəlki mənasını itirərək yeni məna kəsb etdi — başqasına məxsus olanı arzulamaq, özünə aid olmayanı mənimsəmək.

Hiddət. Paul qıcıqlanmadan yaranan partlayışı bildirən bir söz işlədir; yəni bu, davamlı qəzəb deyil, tez alovlanan və tez sönən qəzəbdir.

Özünü göstərmə. Bu sözün maraqlı tarixçəsi var. Yunan dilində erifeya sözü əvvəlcə muzdlu fəhlənin (erifos) işi mənasını verirdi. Buradan da ödəniş sözü yaranmışdır. Sonra bu söz dövlət vəzifəsinə seçkilərdən əvvəl səslərin toplanması, eləcə də bir insanın xidmət naminə deyil, ondan əldə edə biləcəyi fayda üçün ona can atması mənasında işlədildi.

Nifaq. Hərfi tərcümədə bu, fikir ayrılığıdır. Qələbələrdən birindən sonra ingilis admiralı Nelson ona qardaşlardan ibarət dəstəyə komandanlıq etmək nəsib olduğunu söyləmişdi. Nifaq əks keyfiyyətlərin təzahür etdiyi, üzvlərinin bir olmaq əvəzinə parçalanan cəmiyyəti xarakterizə edir.

Təfriqələr. Bunu müəyyən bir formada fikir ayrılığı kimi təsvir etmək olar. Təfriqə sözü əvvəllər mənfi mənada işlədilməyən hayresis sözündən götürülmüşdür. Bu sözün kökü seçmək mənasındadır. Həmin söz fəlsəfi məktəbin davamçılarını və ya ümumi inancı olan digər qrupları müəyyən etmək üçün istifadə edilmişdir. Faciə ondadır ki, fərqli baxışları olan insanlar çox vaxt bir-birilərinə nifrət etməyə başlayırlar. Hətta fikir ayrılığında olsan da, bir insanla mehriban münasibətdə qalmaq daha yaxşı olardı.

Paxıllıq. Ftonos sözü mənfi mənalı sözdür. Evripid bunu «bəşəriyyətin ən dəhşətli xəstəliyi» adlandırırdı. Bu sözün mahiyyəti ondan ibarətdir ki, o, insanın — istər nəcib, istərsə də pis xasiyyətli olsun — başqasına məxsus olana sahib olmaq istəyini və başqasında olanlara görə ona nifrət hissini xarakterizə edir. İnsan başqasının malına sahib olmaqdan çox, onu bu maldan məhrum etmək istəyir. Stoiklər bu hissi «kiminsə yaxşılığından kədərlənmək» kimi tərif edirdilər. Erkən Məsihçi Cəmiyyətinin ağsaqqallarından biri olan Basil bunu «qonşunun xoşbəxtliyinə görə məyusluq» kimi təsvir etmişdi. Bu, qısqanclıq hissi deyil, bilərəkdən qəzəblənməkdir.

Sərxoşluq. Qədim dövrdə sərxoşluq qüsur sayılmırdı. Yunanlar süddən çox şərab içirdilər; hətta uşaqlar da şərab içirdilər. Ancaq onlar şərabı su ilə qarışdırırdılar: iki hissə şəraba üç hissə su qatırdılar. Həm yunanlar, həm də məsihçilər sərxoşluğu insanı vəhşi heyvana çevirən pislik kimi qələmə verirdilər.

Eyş-işrət. Yunan sözü komos-un maraqlı tarixçəsi var. Komos yarış başa çatdıqdan sonra idman oyunlarının qalibini yola salan bir qrup gəncə deyilirdi. Onlar sevinir, rəqs edir və mahnı oxuyurdular. Ancaq eyni söz şərab tanrısı Bahusa ibadət edən bir qrup əyyaşları ifadə edirdi. Daha sonra səs-küylü içki məclisini bildirmək üçün istifadə edilirdi. Beləcə bu söz azğınlığa çevrilmiş əyləncə deməkdir.

Əgər biz bu günahların mənası haqqında düşünsək, dünyanın az dəyişdiyini görərik.

22-26

YAXŞI ƏMƏLLƏR (Qalatiyalılara 5:22-26)

Əvvəlki ayələrdə Paul cismani təbiətə xas olan günahların siyahısını verir. İndi isə onu Ruhun bəhrəsi olan yaxşı əməllərin siyahısı ilə davam etdirir. Gəlin onların hər birinə ayrıca nəzər salaq.

Məhəbbət. Əhdi-Cədiddə məhəbbət sözü agape sözünə uyğun gəlir. Bu söz klassik yunan dilində təsadüfi işlədilmir. Yunan dilində məhəbbət kimi tərcümə etdiyimiz dörd söz var.

1. Eros — kişi ilə qadın arasında olan sevgi. Bu ehtirasla müşayiət olunan sevgidir. Bu söz Əhdi-Cədiddə istifadə edilmir.

2. Filiya — yaxın və əziz insanlara duyduğumuz sevgidir. Bu, doğmalıq hissidir.

3. Storge — daha çox bağlılığı bildirir və valideynlərlə uşaqlar arasında sevgi hissini çatdırmaq üçün istifadə olunur.

4. Aqape — məsihçilərin ən çox işlətdiyi sözdür və sarsılmaz xeyirxahlığı bildirir. Bu o deməkdir ki, bir insanın bizimlə necə rəftar etməsindən — bizi təhqir etməsindən, incitməsindən və ya alçaltmasından asılı olmayaraq, biz həmişə ona yalnız ən yaxşısını arzulayacağıq. Ona görə də bu hiss ürəkdən olduğu qədər ağıldan da irəli gəlir. Bu sevgi hisslərimizin nəticəsi olduğu qədər iradəmizin də nəticəsidir. Hətta bizə ən pisini arzu edənlərə heç vaxt yaxşılıqdan başqa bir şey diləmirik. Bu, yalnız Allahın köməyi ilə edə biləcəyimiz şüurlu addımdır.

Sevinc. Yunan sözü xara ən çox mənbəyi dini təcrübəyə əsaslanan sevinci ifadə edir (Zəbur 30:11; Romalılara 14:17; 15:13; Filipililərə 1:4:25 ilə müqayisə edin). Bu, nə insanın həyatdan aldığı zövq, nə də başqaları ilə rəqabət aparıb qalib gəlmək sevincidir. Bu, təməli Allahda olan bir sevincdir.

Sülh. Müasir yunan dilində eyrene sözünün iki maraqlı mənası var. O, yaxşı imperatorun ədalətli və xeyirxah hakimiyyəti altında ölkədə hökm sürən əmin-amanlığı ifadə edirdi. Eyni zamanda şəhərdə və ya kənddə hökm sürən yaxşı nizam-intizamı təsvir etmək üçün istifadə olunurdu. Kənddə eyrene-nin mühafizəçisi adlı — ictimai asayişin keşikçisi olan bir məmur var idi. Əhdi-Cədiddə eyrene sözü, adətən, ibranicə şalom-un sinonimi kimi istifadə olunur. Bu söz təkcə narahatlıq və qayğıların olmaması deyil, həm də insanın ən yüksək rifahına xidmət edən hər şey deməkdir. İndiki kontekstdə bu söz insan qəlbinin dünyadakı hər şeyin Allahın əlində olduğunu dərk etməsindən irəli gələn rahatlığını ifadə edir. Maraqlıdır ki, Xara və Eyrene çox yayılmış məsihçi adlarına çevrilib.

Səbir — makrotumiya. Bu, vacib sözdür. «Makkabilərin Birinci Kitabı»nın (8:4) müəllifi yazır ki, romalılar səbir, «ağıl və qətiyyətlilik» sayəsində dünyanın hökmdarı oldular. Bununla müəllif romalıların məğlub olsalar belə, düşmənləri ilə heç vaxt sülh müqaviləsi bağlamayan əzmini nəzərdə tutur. Bu söz qətiyyətli səbir deməkdir. Düzü, bu söz əşyalara və ya hadisələrə münasibətdə olan səbri çatdırmaq üçün işlədilmir, yalnız insanlara aid edilir. Xrizostom (Zlatoust) bunu qisas almaq üçün imkanı və səlahiyyəti olan, lakin bunu etməyən bir insanı bildirir; o, fəzilətli adam kimi qəzəblənməkdə təmkinlidir. Əhdi-Cədiddə bu söz, adətən, Allahın insanlara münasibətini xarakterizə etmək üçün istifadə olunur (Romalılara 2:4; 9:22; 1Timoteyə 1:16; 1Peter 3:20). Bu, çox əhəmiyyətli faktdır. Əgər Allah insan olsaydı, bu dünyanı çoxdan məhv edərdi. Lakin Onun səbri bütün günahlarımızı bağışlayır və bizdən üz çevirmir. Biz qardaşlarımızla və soydaşlarımızla da münasibətdə Allahın bizə göstərdiyi məhəbbəti, bağışlayan və səbirli münasibəti rəhbər tutmalıyıq.

Xeyirxahlıq və yaxşılıq bir-biri ilə sıx bağlıdır. Yaxşılıq, xrestotes, adətən, xeyirxahlıq və ya səxavət kimi də tərcümə olunur. Bu, çox gözəl sözdür. Plutarx hesab edirdi ki, bu, ədalətdən daha əhəmiyyətlidir. Köhnə yaxşı şərab xrestos adlanırdı.

İsanın asan olan boyunduruğu xrestos adlanır (Matta 11:30), yəni adamı qıcıqlandırmır. Sözün ümumi mənası səxavətlə bağlıdır. Paulun xeyirxahlığı çatdırmaq üçün istifadə etdiyi aqatos sözü Müqəddəs Kitaba xasdır və gündəlik yunan dilində, ümumiyyətlə, istifadə edilmir (Romalılara 15:14; Efeslilərə 5:9; 2Saloniklilərə 1:11). Xeyirxahlıq — alicənablığın ən yüksək dərəcəsidir. O, «bütün yaxşılıqları özündə cəmləşdirən bir fəzilət» kimi təyin olunur. Onların arasındakı fərq nədir? Agatosune özündə məzəmmət və cəza, xrestotes isə yalnız köməyi ehtiva edə bilər. İngilis ilahiyyatçısı deyir ki, İsa Məbədi təmizləyərkən və oranı bazara çevirənləri qovarkən aqatos-u təzahür etdirmişdi. Ayaqlarını məsh edən günahkar qadına münasibətdə isə O, xrestotes-i göstərmişdi. Məsihçiyə həm mərhəmətli, həm də qətiyyətli olan lütf lazımdır.

Sədaqət. Pistis sözü yunan dilində etibarı qazanan mənasını verir. Bu söz etibar edə biləcəyimiz bir insana aid edilir.

Həlimlik. Praotes sözü çətin tərcümə olunan sözdür. Əhdi-Cədiddə bu sözün üç əsas mənası var.

1. Bu söz həlim, itaətkar (Matta 5:5; 11:29; 21:5), yəni Allahın iradəsinə tabe olan insanı bildirir.

2. Bu söz həm də təlimə qulaq asan, öyrənməkdən imtina edəcək qədər qürurlu olmayan adamı bildirir (Yaqub 1:21).

3. Çox vaxt bu söz başqalarına qarşı diqqətli olmaq deməkdir (1Korinflilərə 4:21; 1Korinflilərə 10:1; Efeslilərə 4:2). Aristotel praotes sözünü həddindən artıq qəzəblə qəzəbin yoxluğu arasındakı orta hədd kimi — yəni lazımi anda qəzəblənən və səbəbsiz yerə qəzəblənməyən insanın xüsusiyyəti olaraq müəyyən edirdi. Bu sözün mənası praus sifətinin əhliləşdirilmiş heyvana aid edilməsindən daha yaxşı görünür. Beləliklə, bu söz yalnız Məsihin insana verə biləcəyi özünü idarə etmək qabiliyyətini bildirir.

Nəfsə hakim olmaq. Paul eqkrateiya sözündən istifadə etmişdir. Platon bu sözü özünü idarə etmək mənasında işlədirdi. Nəfsinə hakim olan insan istək və ehtiraslarını özünə tabe edərək onların öhdəsindən layiqincə gəlir. Bu söz bədənini məşq edən idmançını (1Korinflilərə 9:25) və cinsi istəklərinə hakim olan məsihçini (1Korinflilərə 7:9) xarakterizə edir. Yunan dilində bu söz şəxsi maraqlarının ölkənin idarə olunmasına təsir göstərməsinə imkan verməyən imperatoru xarakterizə edir. Bu fəzilət insanın təbiətinə o qədər yansıya bilər ki, o, başqalarının xidmətçisi olmağa layiq görülər.

Paul inanırdı və təcrübədə əmin olmuşdu ki, məsihçi Məsihlə birlikdə ölüb, yeni və pak həyat tərzi sürmək üçün dirilir. Yeni həyatda cismani pisliklərə yer yoxdur, yalnız gözəl ruhani fəzilətlər var.

Müqəddəs Kitab

Məsihin verdiyi azadlıq
1 Məsih azad olmağımız üçün bizi azad etdi. Ona görə də möhkəm durun və yenidən köləlik boyunduruğuna tabe olmayın.
2 Budur, mən Paul sizə deyirəm: əgər siz sünnət olunsanız, Məsih sizə heç bir fayda verməz. 3 Sünnət olunan hər adama yenə şəhadət edirəm ki, elə bir adam bütün Qanuna əməl etməyə borcludur. 4 Ey Qanun vasitəsilə saleh sayılmaq istəyənlər, siz Məsihdən ayrıldınız, Allahın lütfündən uzaq düşdünüz. 5 Amma biz Ruh vasitəsilə imanla saleh sayılacağımıza ümid bağlayıb onu həvəslə gözləyirik. 6 Məsih İsada sünnətlilik də, sünnətsizlik də əhəmiyyət kəsb etmir, əhəmiyyət kəsb edən isə məhəbbətlə fəal olan imandır.
7 Yaxşı irəliləyirdiniz. Axı həqiqətə itaət etmə yolunuzu kim kəsdi? 8 Belə inandırılmağınız sizi Çağıranın istəyi deyil. 9 Azacıq maya bütün xəmiri acıdır. 10 Mən Rəbdə sizə etimad edirəm ki, başqa cür düşünməyəsiniz. Sizi lərzəyə salansa, kim olursa olsun, öz cəzasını çəkəcək. 11 Amma, qardaşlar, əgər mən hələ də sünnəti vəz edirəmsə, nə üçün hələ də təqibə məruz qalıram? Elə olsaydı, onlara büdrəmə daşı olan çarmıx ləğv olunardı. 12 Ah, kaş sizi çaşdıranlar özlərini axtalayaydılar!
Cismani təbiət və Müqəddəs Ruh
13 Qardaşlar, siz azadlığa dəvət olunmusunuz. Amma bu azadlığı cismani təbiət üçün fürsətə çevirməyin, lakin bir-birinizə məhəbbətlə qulluq edin. 14 Bütün Qanun tək bir sözdə tamamlanır: «Qonşunu özün kimi sev». 15 Əgər siz bir-birinizi didib-yeyirsinizsə, ehtiyatlı olun ki, bir-birinizi tələf etməyəsiniz.
16 Mən bunu deyirəm: Müqəddəs Ruha görə həyat sürün, o zaman siz cismani təbiətin ehtirasını əsla icra etməzsiniz. 17 Çünki cismani təbiət Ruha zidd və Ruh cismani təbiətə zidd olanı arzulayır. Onlar bir-birinə qarşı durur ki, siz istədiyinizi etməyəsiniz. 18 Amma Müqəddəs Ruhun rəhbərliyi altında olsanız, siz Qanun altında deyilsiniz.
19 Cismani təbiətin əməlləri isə bəllidir. Bunlar cinsi əxlaqsızlıq, murdarlıq, pozğunluq, 20 bütpərəstlik, sehrbazlıq, düşmənçilik, münaqişə, qısqanclıq, hiddət, özünü göstərmə, nifaq, təfriqələr, 21 paxıllıq, sərxoşluq, eyş-işrət və buna bənzər şeylərdir. Sizə əvvəllər xəbərdarlıq etdiyim kimi indi də xəbərdarlıq edirəm ki, bunları edənlər Allahın Padşahlığını irs almayacaqlar.
22 Müqəddəs Ruhun səmərəsi isə budur: məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət, 23 həlimlik, nəfsə hakim olmaq. Bu kimi şeylərə qarşı qanun yoxdur. 24 Məsih İsaya məxsus olanlar isə öz həvəs və ehtirasları ilə birlikdə cismani təbiəti çarmıxa çəkdilər. 25 Madam ki, biz Ruha görə yaşayırıq, Ruha görə də rəftar edək. 26 Şöhrətpərəst olmayaq, bir-birimizi hirsləndirməyək, bir-birimizə paxıllıq etməyək.
  • Giriş
  • More pages
  • 4
  • 5
  • 6